Sabah Türkiyənin İstanbul şəhərində güləş üzrə ilin ilk reytinq turniri olan Yaşar Doğu Memorialına start veriləcək.
Fanat.Az xəbər verir ki, yarışın təşkilatçıları Azərbaycan güləşçilərinin də iştirak edəcəyi turnirin posterini təqdim ediblər.
Rəsmi afişada üç güləşçinin şəkli yer alıb. Onların arasında yunan-Roma güləşi üzrə dünya və ikiqat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov da var.
Qeyd edək ki, fevralın 27-dək davam edəcək turnirdə "klassiklər"imiz İbrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq), Taleh Məmmədov, Murad Məmmədov (63 kq), Namaz Rüstəmov, Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq) və Beka Kandelakidən (130 kq) ibarət heyətlə mübarizə aparacaq.
Sərbəst güləş yarışlarında ölkəmizi İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) təmsil edəcəklər.
Qadınlardan ibarət millinin məşqçiləri isə Türkan Nəsirova (50 kq) Tatyana Varansova (53 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolovanı (65 kq) sınaqdan keçirəcək.