Martın 1-də Serbiyanın paytaxtı Belqradda “FIDE Grand Prix” seriyasının ikinci mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.
36 yaşlı qrossmeysterimizlə yanaşı, yarışda daha 15 şahmatçı – Dmitri Andreykin (Rusiya), Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Nikita Vityuqov, Vladimir Fedosev, Aleksandr Predke (Rusiya), Pentala Harikrişna, Vidit Qujrati (Hindistan), Yu Yanqyi (Çin), Sem Şenklend (ABŞ), Aleksey Şirov (İspaniya), Amin Tabatabei (İran) və Etyen Bakro (Fransa) çıxış edəcək.
Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin 3-cü mərhələsində iştirak edəcək. Hər turnir 16 oyunçunun iştirakı ilə ikimərhələli formatda keçirilir. Birinci mərhələdə oyunçular dörd nəfərdən ibarət dörd qrupa bölünür. Hər qrupdan qalib olan bir nəfər ikinci mərhələyə vəsiqə qazanır. İkinci mərhələdə, hər qrupun qalibi yarımfinal və finaldan ibarət nokaut turnirində oynayacaq. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar.
Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.