Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən FIDE Qran-Prisində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeyster D qrupunun ilk turunda çinli Yu Yanqyi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb.
Bu qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke qarşılaşır.
Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Hər turnir 16 oyunçunun iştirakı ilə ikimərhələli formatda keçirilir. Birinci mərhələdə oyunçular dörd nəfərdən ibarət dörd qrupa bölünür. Hər qrupdan qalib olan bir nəfər ikinci mərhələyə vəsiqə qazanır. İkinci mərhələdə, hər qrupun qalibi yarımfinal və finaldan ibarət nokaut turnirində oynayacaq. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar.
Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.