"Keşlə" ilə kubokun 1/4 final mərhələsinin ilk görüşündə adı protokola daxil edilən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov bu komanda ilə son çempionat matçında da ehtiyat oyunçular skamyasında idi. Bununla belə, o, yenə də sona qədər ehtiyatda qaldı.
Bəs ötən ilin iyununda millinin Moldova ilə Kişinyovdakı oyununda zədələnən və əməliyyatdan sonra altı ay yaşıl meydanlarda görünməyəcəyi açıqlanan Bədavinin dönüşü nə vaxt baş tutacaq? Axı o, artıq 9 aydı oynamır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bədavi artıq tam hazırdır. Sadəcə, "Keşlə" ilə fevralın 28-də baş tutan oyun süni örtüklü meydanda keçirildiyindən, komandanın baş məşqçisi Qurban Qurbanov onu meydana buraxmaq istəməyib.
Təcrübəli mütəxəssis onunla bağlı risk etməkdən çəkinir. Bununla belə, Bədavini qarşıdakı turlarda gedişatdan asılı olaraq, meydanda görə bilərik.
Qeyd edək ki, "Qarabağ" martın 6-da ən yaxın izləyicisi "Qəbələ" ilə "Azərsun Arena"da qarşılaşacaq.
Mirağa