Serbiyanın paytaxtı Belqradda FIDE Qran-Pri turnirinin ikinci mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda qrup mərhələsinin III turunun görüşləri keçiriləcək. D qrupunda yer alan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov ilk turda çinli Yu Yanqyi ilə, ardınca isə fransalı Maksim Vaşye-Laqravla heç-heçə oynayıb. Hazırda qrupdakı hər şahmatçının aktivində 1 xal var.
Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov həmçinin turnirin sonuncu - 3-cü mərhələsində iştirak edəcək. Hər turnir 16 oyunçunun iştirakı ilə ikimərhələli formatda keçirilir. Birinci mərhələdə oyunçular dörd nəfərdən ibarət dörd qrupa bölünür. Qrup qalibləri ikinci mərhələyə vəsiqə qazanır. İkinci mərhələdə hər qrupun qalibi yarımfinal və finaldan ibarət nokaut turnirində oynayacaq. Həm yarımfinal, həm də final 2 klassik oyundan və lazım gələrsə, tay-breykdən ibarət olacaq. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar.
Seriyanın sonunda ən yaxşı göstəriciyə sahib iki şahmatçı bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, FIDE Qran-Prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Sahib