Bakıda akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü Yussef Al-Tabba və digər şəxslər iştirak ediblər.
Vasileva bütün yarış iştirakçılarını salamlayıb və onları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib: "Akrobatika gimnastikası Azərbaycanda ənənəvi idman növlərindən biridir və çox sevindirici haldır ki, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları ilk dəfə Azərbaycanda keçirilir. Nə xoş oldu ki, bu yarışlarının açılış mərasimi idman həftəsinə düşdü. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr və dünyada sülhün olmasını arzu edirəm".
Yussef Al-Tabba Beynəlxalq FIG prezidenti Morinari Vatanabe adından açılış mərasimində çıxış etməyin onun üçün böyük şərəf olduğunu söyləyib: "İlk olaraq ölkə rəhbərliyinə və Azərbaycan Gimnastika Federasiyasına akrobatika gimnastikasının gələcəyi hesab olunan Dünya Yaş Qrupları Yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm. Hamıdan ədalətli yarış və hakimlik prinsiplərinə sadiq qalmalarını xahiş edirəm. FIG heyətinə, yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin uğurla təşkil olunmasında əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bütün iştirakçılara uğurlar arzulayaraq, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışlarını açıq elan edirəm".
Ardından Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları martın 6-da başa çatacaq. Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə oğlan cütlükləri, qız cütlükləri, qarışıq cütlüklər, oğlan qrupları, qız qrupları proqramında qüvvələrini sınayacaqlar. Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət oğlan cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qız cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qız qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qrup təmsil edəcək.