Bu gün Çinin paytaxtı Pekində XIII Qış Paralimpiya Oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, Paralimpiadanın açılış mərasimi Qış Olimpiya Oyunlarında olduğu kimi, Pekindəki “Quş yuvası” stadionunda təşkil ediləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Fiziki imkanları məhdud şəxslərin də iştirakı ilə baş tutacaq açılış şousu 80 dəqiqə davam edəcək. Mərasimdə Çin Xalq Respublikasının Sədri Si Cinpin iştirak edəcək.
Oyunlara 49 ölkədən 650 paralimpiyaçı qatılacaq. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.
Pekin-2022də paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparacaqlar.
Beynəlxalq Paralimpiya Komitəsi (İPC) Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla əlaqədar olaraq Rusiya və Belarus təmsilçilərinin Pekin-2022 Qış Paralimpiya Oyunlarında İPC bayrağı altında iştirakına razılıq versə də, bəzi ölkələrin milli paralimpiya komitələrinin boykot çağırışlarından sonra qərarını dəyişərək bu ölkələrdən olan idmançıların Paralimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Paralimpiya Oyunları martın 13-də başa çatacaq.
Qeyd edək ki, Azərbaycanı yarışda Mehman Ramazanzadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. İdmançımız martın 9-da mübarizəyə qoşulacaq.
Sahib