"Turan Tovuz"un növbəti mövsüm Premyer Liqada iştirakı edəcəyi və elita təcrübəsi olan tovuzlu futbolçularla güclənməyi qarşısına hədəf qoyduğu iddia olunur.
Fanat.Az məlumat verir ki, sosial şəbəkələrdə gedən müzakirələrdə qərb təmsilçisinin heyətinə cəlb etmək istədiyi futbolçulardan Vurğun Hüseynovun da adı çəkilir.
Hazırda "Sumqayıt"da çıxış edən 33 yaşlı müdafiəçi karyerasına 2008-ci ildə məhz "Turan"da başlayıb və müəyyən fasilə ilə 6-7 il bu komandanın şərəfini qoruyub.
O saytımıza açıqlamasına karyerasının son illərini yenidən Tovuz klubunda başa vurmaq barədə indidən qəti fikir bildirmək istəməsə də, sevimli komandasına yardım etmək arzusunda olduğunu deyib:
"Bu dəqiqə bütün diqqətimi "Sumqayıt"a yönəltmişəm. Etiraf edim ki, hazırki komandamın düşdüyü durum ürəkaçan deyil. Son sıralarda qərarlaşmışıq, işlər yolunda getmir. Çalışırıq ki, bu uğursuzluğa son qoyub yuxarı pillələrə qalxaq.
O ki qaldı "Turan Tovuz"a qayıtmağa, açığı, real nəsə olmadığı üçün nəsə demək istəmirəm. Görək komandanı Premyer Liqaya buraxacaqlarmı? Elitaya çıxsa, hamımız sevinərik. Çünki Tovuz mənim evimdir. Düzdür, "Sumqayıt" da mənə doğmalaşıb, bir növ ikinci evim olub. Çünki 9 ildir "Sumqayıt"da çıxış edirəm, kapitan sarğısını daşımışam. Sözsüz ki, "Turan Tovuz" peşəkar karyerama başladığım yerdi, doğma şəhərin təmsilçisidir. Ürəyimdən keçir ki, komandaya kömək edim. Yaşayarıq, görərik necə olur. İnşallah, təki Premyer Liqaya yüksəlsinlər. Qalanı düzələn işdir".
Mirağa