Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qız qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı 55,120 xalla qiymətləndirilib. Mərhələni üçüncü tamamlayan qrupumuz finala adlayıb.
Həlledici mərhələdə Azərbaycan ilə yanaşı, Rusiya, Belçika, Portuqaliya, İsrail, Fransa, Böyük Britaniya, Almaniya, Niderland və Polşa qrupları mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir. Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.