Martın 10-13-də Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda 17 ölkədən 170 gimnast iştirak edəcək. Dörd gün davam edəcək mundialda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Kişi cütlüklərin yarışında ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev təmsil edəcəklər.
Qarışıq cütlüklərin mübarizəsində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya Kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.