Martın 21-də Almaniyanın paytaxtı Berlində start götürəcək şahmat üzrə FIDE Qran-Prisinin sonuncu - III mərhələsinin püşkü atılıb.
Fanat.Az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov B qrupunda mübarizə aparacaq. 36 yaşlı qrossmeysterin rəqibləri Lenyer Dominges (ABŞ), Daniil Dubov (Rusiya) və Vinsent Keymer (Almaniya) olacaq.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Şahmatçılar nəticəyə görə Qran-Pri xalları qazanacaqlar. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Üç mərhələnin yekununa əsasən, ən yaxşı göstəriciyə sahib iki qrossmeyster bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda keçirilən II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.