“Şaxtyor”un keçmiş müdafiəçisi, hazırda isə futbol direktoru Dario Srna Rusiya Federasiyasının Ukraynaya hərbi hücumu ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sportarena.ua" saytı 39 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Ukraynadan ayrılarkən gördüyüm ağır səhnələr məni 1990-cı ilə, vətənim Xorvatiyaya apardı. Uşaqlı ailələr çantalara yığılmış əşyalarla evlərini tərk edirlər. Çətin anlardır. Ancaq hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Başqa çarəmiz yoxdur.
Donetsk, ümumiyyətlə, Ukrayna kimi həmişə əcnəbiləri qəbul edən dinc şəhər olub. Ukraynalılar yaxşı insanlardır. Heç vaxt heç kimə hücum etməyiblər. Onlar hər zaman hər şeydən razı və xoşbəxt millətdir. Ukraynalılar baş verənlərin heç birinə layiq deyillər. Açıq-aydın görünür ki, bir nəfərin fərqli fikri var və biz bunu dəyişmək üçün əlimizdən gələni edəcəyik.
İşğal başlayanda qorxsam da, sakit idim. Mən bu sınaqdan əvəllər də keçmişəm. Müharibənin ikinci günü səfirlikdən kömək edə bilməyəcəklərini, evdə qalmağın təhlükəli olduğunu dedilər. Bildirdilər ki, oteldə gecələməliyik. Dostlarım və ailəm mənə zəng vurub “çıx ordan” deməyə başladılar. Təzyiq altında qalmaq çox çətindir...
Çeferin (UEFA prezidenti - red.) əla iş gördü. O, göstərdi ki, təkcə federasiya prezidenti deyil, həm də aparıcı insandır. Çeferin bununla sanki öz ailəsinin qayğısına qaldı. Müharibədə kimin dost olub-olmadığını bilirsən.
Bu gün bütün dünya Rusiyanın Ukraynaya hücum etdiyini bilir. Bu, sirr deyil. Bir gün hamı həqiqəti biləcək. Zaman lazım olan hər şeyi edəcək. Mən Ukraynada yaşamaqdan, “Şaxtyor”da oynamaq və işləməkdən qürur duyur, bu insanları tanıdığım üçün fəxr edirəm. Onlar qəhrəmandırlar, qalibdirlər. Biz güclüyük!”
Xatırladaq ki, fevralın 24-də səhər Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirib və işğala başlayıb. Müharibə 14-cü gündür ki, davam edir.
Emin