U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışa məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçiylə yollanan Azərbaycan millisinin 4 üzvü medal qazanıb.
Yekunda 93 xal toplayan yığmamız 5-ci yeri tutub. Türkiyə 143 xalla qitə birincisi olub. Macarıstan (120) ikinci, Polşa (118) üçüncü, Moldova (96) isə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamızın heyətində Jalə Əliyeva (62 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc mükafata yiyələniblər.