Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ" - "Zirə" oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb. Qar hələ oyunun gedişində bir problemi aktuallaşdırıb. Belə ki, ilk yarının gedişində meydan ağ örtüyə büründüyündən, top demək olar, görünməz olub. Bununla belə, mübarizə fasiləyə qədər bu şəkildə davam etdirilib. Düzdür, ikinci hissədə top dəyişdirilib. Komandalar qırmızı cizgiləri olan topla oynayıblar. Ancaq bu, anoloji hallarda istifadə olunan rəngli toplardan fərqləndiyi üçün həmin effekti vermirdi.
Maraqlıdır, PFL klublara qarlı hava şəraitində oynanılan rəngli toplardan verməyib?
Fanat.Az məsələyə aydınlıq gətirmək üçün yarışı təşkil edən qurumun mətbuat katibi Aslan Şahgəldiyevlə əlaqə saxlayıb:
"İlk növbədə onu deyim ki, problem topla bağlı deyildi. Yəni ikinci hissədə oynanılan topun qırmızı cizgiləri olduğu üçün aydın görünürdü. Ola bilsin teleyayında nisbətən çətinlik yaransın. Bu da dumana görə ola bilər. Amma stadionda lazımi effekt var idi. Əsas hakimin fikridir və o, topun görünməməsi ilə bağlı problemin olduğunu deməyib. Yalnız meydan xətlərinə görə göstəriş verdi. Qəbələ stadionunun əməkdaşları qazonu təmizləməyə çalışsalar da, çatdırmadılar. Nəticədə, oyunu təxirə salmalı olduq.
O ki qaldı komandalara çəhrayı topların verilib-verilmədiyinə, açığı, məndə bu barədə bilgi yoxdur".
Mirağa