Martın 24-də Şotlandiya ilə Polşa arasında keçiriləcək yoldaşlıq oyununa biletlərdən əldə olunan gəlirlərin bir hissəsi Rusiyanın hücumuna məruz qalan Ukraynaya yardım üçün bağışlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası açıqlama yayıb.
Açıqlamada hər iki ölkənin futbol federasiyalarının və UNICEF-in bu məsələdə razılığa gəldiyi vurğulanıb. Komandaların kapitanları Endi Robertsonla Robert Levandovski mümkün qədər daha çox azarkeşi oyuna gəlməyə təşviq edir. Alınan hər biletin 10 funtu Ukraynada müharibədən zərər çəkənlərə və qaçqınlara veriləcək.
Qeyd edək ki, hər iki komanda Qətərdə keçirilən dünya çempionatına yüksəlmək üçün pley-off mərhələsinin yarımfinalında mübarizə aparmalı idi. Ancaq Polşanın rəqibi - Rusiya diskvalifikasiya olunub, Şotlandiya - Ukrayna matçı isə iyun ayına təxirə salınıb.
Mahir Emrelinin "Legiya"dakı sabiq məşqçisi Çeslav Mixneviçin Polşa yığmasının çalışdırıcısı qismində debütü olacaq Şotlandiya - Polşa matçı martın 24-də, yerli vaxtla saat 20:45-də Qlazqodakı "Hampden Park"da oynanılacaq. Beş gün sonra Polşa Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə uğrunda həlledici görüşdə İsveç - Çexiya matçının qalibi ilə qarşılaşacaq.
Mirağa