Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Beteve" idman portalı: "Barselona" "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşlə maraqlanır. Prezident Joan Laporta portuqaliyalı futbolçunun keçidində maraqlıdır. Potensial transfer 50 milyon avrodan çox qiymətləndirilir. Bu səbəbdən klub rəhbərliyində "Barselona"nın maddi vəziyyəti nəzərə alınaraq 25 yaşlı futbolçunun alınmasının zəruriliyi ilə bağlı mübahisələr yaranıb.
İnsayder Yağız Sabunçoğlunun: Ukraynalı müdafiəçi Yaroslav Rakitski karyerasını Türkiyədə davam etdirə bilər. "Başakşehir" ukraynalı futbolçu ilə danışıqlara başlayıb. 32 yaşlı futbolçu hazırda azad agent statusundadır.
"Foot Mercato" nəşri: "Arsenal" Eden Hazar üçün sürpriz addım hazırlayır. "Nyukasl" da belçikalı futbolçu ilə maraqlanır və bu yolda "topçular"la mübarizəyə qoşulmağa hazırdır. Eden Hazar hər iki təklifi nəzərdən keçirməyə hazırdır.
"Bild" nəşri: "Mançester Yunayted" növbəti dəfə Dortmund "Borussiya"sının müdafiəçisi Manuel Akanjini heyətinə qatmaq istəyir. Almaniya klubu isə isveçrəli futbolçu ilə müqavilə yeniləmək fikrindədir.
"The Sun" nəşri: Kuivin Kelleher "Liverpul"dan ayrılmaq niyyətində deyil. “Çelsi” ilə final matçında yaxşı çıxış edən 23 yaşlı futbolçu ilə bir sıra İngiltərə klubları maraqlanır.
Baş tutmuş transfer xəbəri:
Qjeqoj Krıxovyak (32 yaşlı yarımmüdafiəçi)
"Krasnodar"dan (Rusiya) AEK-ə (Yunanıstan) keçib.
Yeni klubuna azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev