Azərbaycan millisinin keçmiş hücumçusu Vüqar Nadirov "Baku Sporting"dən ayrılıb.
Bu barədə Fanat.Az-a veteran futbolçu özü məlumat verib.
Hazırda MFL-in direktoru vəzifəsini icra edən Nadirov klubdakı işini tərk edib: "Bu komandanı kollektivlə birlikdə yaratmışdıq. Hardasa, üç il fəaliyyət göstərdim. MFL-in direktoru təyin olunandan sonra da bir müddət klubdakı işimi davam etdirdim. Klubda icraçı-direktor idim. Ancaq belə qərara gəldim ki, ayrılım. Artıq bir müddətdir ki, məni kluba heç nə bağlamır".
"Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov özünün "Instagram" səhifəsində Ağdam klubunun akademiyasına futbolçu seçimi ilə bağlı elan paylaşıb. Yoxsa o, "Qarabağ"a dönüb? Nadirovu dinləyək: "Bu gün artıq neçənci dəfədir bunu məndən soruşurlar (gülür). Yox, "Qarabağ"da işə başlamamışam. Sadəcə, oğlum "Qarabağ"da oynayır. U-12 komandasının üzvüdür. Buildən ora keçib. Əslində isə bir neçə ildir futbola başlayıb".
Yeni il ərəfəsində BOS-dakı "Azfar"da futbol oynayarkən xəsarət alan və ayağı gipsə salınan Nadirov artıq sağaldığını bildirib: "Öz aramızda oynayanda sağ ayağımı qırmışdım. Bir aya yaxın gipsdə qaldı. Həkimlər demişdi ki, gips açılandan sonra zədənin vəziyyətini qiymətləndirəcəyik. Şükür, yaxşı oldu. Artıq tam sağalmışam. Hətta futbol oynamağa da başlamışam".
Mirağa