"Qarabağ"ın "Olimpik Marsel"lə Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunu İbrahima Vadjinin ləğv olunan qoluyla, bir qədər də dəqiqləşdirsək, baş məşqçi Qurban Qurbanovun jestiylə uzun müddət xatırlanacaq. Maraqlıdır ki, ağdamlılar 2014-cü ilin noyabrında Avropa Liqasının qrup mərhələsində məhz Fransa klubuna - "Sent-Etyen"ə (1:1) bənzər qol vura bilmişdi.
Fanat.Az olaraq təxminən 8 il əvvəlki səfər oyununda əllə topu önünə atıb möhtəşəm vuruşla fərqlənən Vüqar Nadirovun məlum epizodla bağlı fikirlərini öyrəndik.
"Qarabağ"ın sabiq forvardı İbrahima Vadjinin qol vurduğu anda inamsız davrandığını, Qurbanovun bu üzdən işə qarışdığını bildirib: "Doğru qeyd edirsiniz, Sent-Etyendəki oyunda demək olar, əllə qol vurmuşdum. Topu qolumla önümə atıb sonra onu qapıçının başı üzərindən tora göndərdim. Fərq ondadr ki, bunu hiss etdirmədim. O qədər təbii sevindim ki, hakimlər də inandı. Halbuki, rəqib müdafiəçilər əllərini qaldırıb əllə oynadığıma etiraz bildirdilər. Qaçaraq ehtiyat oyunçular skamyamıza yaxınlaşdım, sevincimi məşqçimizlə, komanda yoldaşlarımla qeyd etdim. Halbuki, qolu qaydalardan kənar vurduğumu bilirdim. Bunu çoxları gördü. Amma hakim qol qeydə aldı. Vadji isə topu əllə qapıdan keçirəndən sonra inamsız davrandı. Dayanıb hakimlərə baxdı, rəqib müdafiəçilərin əhatəsindən çıxmağa tələsmədi. Aşkar hiss olundu ki, günahkardır. Belədə qolu qeydə alan hakim də tərəddüd etməyə başladı. Belədə rəqib daha da cəsarətləndi. Qurban Qurbanov məcbur qalıb müdaxilə etdi. O, ədalətli insandı. Vadjinin davranışından Qurban müəllim də şübhəyə düşmüşdü ki, əllə oynayıb. Halbuki, mən o vaxt təbii reflekslə hər kəsi aldada bildim. Futbolda belə hallar çox olub. Hətta dünya səviyyəli ulduzlar da əllə qol vurub. Mən o vaxt vəziyyətə uyğun davranmışdım".
Vüqar Nadirovun "Sent-Etyen"in qapısına vurduğu qolun görüntüsünü təqdim edirik:
Mirağa