Xorvatiya millisinin və Kazan “Rubin”inin üzvü Filip Uremoviç FİFA-nın Rusiyadakı əcnəbi futbolçulara verdiyi fürsətdən yararlanaraq klubunu tərk edib.
Fanat.Az xəbər verir ki, Rusiyanın Ukrayna ilə apardığı müharibə səbəbindən avtomatik olaraq azad agent statusuna yiyələnən müdafiəçinin karyerasını hansı klubda davam etdirəcəyi hələ məlum deyil.
Uremoviçin gedişini "Rubin"in baş məşqçisi Leonid Slutski belı şərh edib: "Filip əsas heyət oyunçusudur və onu itirməyimiz bütün komandaya təsir edir. "Rubin"də bütün mövqelərə ikili namizədlərimiz var. Şübhəsiz, kimsə hazır deyilsə və ya yoxdursa, digəri öz roluna hazır olacaq. Sahib olduğu keyfiyyətlərə baxmayaraq, Filip əvəzedilməz oyunçu deyil. Onun getməsinə yas tutmağa dəyməz. Uremoviç Messi və ya Ronaldu deyil".
Qeyd edək ki, "Rubin" Uremoviçsiz ilk oyunda "Rostov"a 2:1 hesabı ilə uduzub. Xorvatiyalı müdafiəçi 2018-ci ilin yayından çıxış etdiyi Kazan təmsilçisində 97 oyun keçirib və bir qol vurub.
Mirağa