"Bayern Münhen" klubunun hücumçusu Robert Levandovski ilə bağlı qeyri-müəyyənlik alman futbolunun iki əfsanəsinin mətbuat vasitəsilə mübahisəsinə səbəb olub.
Fanat.Az "Sport1.de"yə istinadən xəbər verir ki, Lotar Mateus klubun davranışını şübhəli hesab etdiyini, münhenlilərin indiyə qədər ulduz futbolçu ilə 2023-cü ilin yayından sonrakı əməkdaşlıq haqqında danışıq aparmadığını deyərək, klubu "top atəşi"nə tutub.
Onun açıqlaması klubun direktoru Oliver Kanı qıcıqlandırıb: “Oyunçu və məşqçi karyerasından sonra Lotar heç vaxt klub idarə etməyib. Təəssüf ki, o, yaxşı futbol mütəxəssisi kimi rolunu unudub getdikcə daha çox klub idarəçisi kimi şərhlər edir. Ancaq yaxşı olar, heç bir anlayışı olmadığı mövzular haqqında danışmasın”.