İngiltərə Premyer Liqasının 20-ci turdan təxirə salınan "Everton" - "Nyukasl" (1:0) oyunu yarımçıq dayandırılıb.
Fanat.Az xəbər verir ki, ikinci hissənin əvvəlində meydana daxil olan bir azarkeş plastik qandalla özünü "Everton"un qapı dirəyinə bağladığı üçün matça bir neçə dəqiqəlik fasilə vermək lazım gəlib.
48-ci dəqiqəyə təsadüf edən olaya bir neçə təhlükəsizlik işçisi reaksiya versə də, qandalı kəsmək üçün xüsusi vasitə tələb olunub.
Oyunu yarımçıq saxladığına görə başqa bir fanatın ona hücum çəkməsi ilə vəziyyət daha da dramatikləşib. Asayiş keşikçilərinin müdaxiləsi ilə məsələ yoluna qoyulub. Etirazçı gənci qapı dirəyindən qopardıqdan sonra oyun bərpa olunub. Bununla belə, matçda 8-9 dəqiqəlik fasilə yaranıb.
Etirazın səbəbinin İngiltərədə neft istismarının qarşısını almaq istəyən bir təşkilatla əlaqəli olduğu ehtimal olunur.