İngiltərə millisinin sabiq hücumçusu Darren Bent "Mançester Yunayted"in bu mövsüm sərgilədiyi oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun söylədiklərini belə çatdırıb:
"De Xeanı, Sançonu və Varanı heyətdə saxlamaq lazımdır. Məncə, bu komandaya yeni sağ cinah müdafiəçisi lazımdır. Maquayr bu işin öhdəsindən gələ bilmir. Heç Skott Maktomineyin də yetərincə güclü futbolçu olduğunu düşünmürəm. Hə, o, klubun öz yetirməsidir. Amma məsələyə yenidənqurma prizmasından yanaşsaq, potensialı daha artığına imkan vermir.
Məsələn, Fred maraqlı futbolçudur. Son vaxtlar meydana çıxaraq buna hazır olduğunu isbatlamağa çalışır. Ancaq söylədiyim kimi, daha güclü heyət qurmaq istəyirlərsə, o da getməlidir. Ronaldu, Kavani və Marsyal da gələcək planların bir hissəsi ola bilməz. Klub bu futbolçularla da vidalaşmalıdır. Ancaq Raşford yeni baş məşqçinin xoşuna gəlsə, komandaya köməyi dəyə bilər. Çünki gəncdir, "artırmaq" ehtimalı var.
Hə, Poqbanın səviyyəsini bəyənirəm, şübhəsiz, yaxşı futbolçudur. Ancaq o, "Mançester Yunayted" azarkeşlərinin xoşuna gəlmir. İş burasındadır ki, Polun qeyri-sabitliyi artıq tərəfdarları təngə gətirib. Müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Poqba istənilən halda, gedəcək".
Nihat