"Qarabağ"in baş məşqisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:0 hesabı qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq. "Zirə" ötən tur "Qəbələ" ilə iki günlük matç keçirdi. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram.
Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikdə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür.
Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən problem yaradır. Buna görə böyük narahatçılığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Millinin oyunlarından sonra yenidən formaya düşmək üçün çalışacağıq".