Azərbaycanda Novruz bayramı qeyd olunur. Ölkəmizdə yaşayan əcnəbi idmançılar da bu bayramı qeyd edir.
Onlardan biri "Neftçi"nin serbiyalı müdafiəçisi Voislav Stankoviçdir. O, Novruz bayramları ilı bağlı fikirlərini Fanat.Az-la bölüşdü.
- Artıq ilk mövsüm deyil ki, Azərbaycandasınız. Milli bayramımız olan Novruz ilə də tanışsınız. Bu bayramla bağlı təəssüratlarınız...
- Novruz Azərbaycanın ən qədim və böyük bayramıdır. İnsanlar adətən bu günləri doğmaları ilə birlikdə qeyd edir. Novruzda hər yerdə bayram əhval-ruhiyyəsi olur. Bu bayram məndə də gözəl təəssüratları oyadır. İstəyirəm bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edim.
- Vətəniniz Serbiyada da hər halda milli bayramlar var. Novruzun onlardan hansı ilə oxşarlığı var?
- Serbiyada Novruza oxşayan milli bayram var - Uskars. Onu da yazda qeyd edirlər. Yumurta boyama və döyüşdürmək adəti də var.
- Novruz rituallarından (papaq atma, tonqal üzərindən tullanmaq, qapı pusmaq, yumurta döyüşdürmək) hansını həyata keçirmisiniz?
- Bizə papaq atırlar. Papağın içini konfet və digər şirniyyatlarla doldururam. Hərdən pul da qoyuram. Bu bayramda da qapıma papaq atdılar. Mən evdə yox idim deyə xanımım papağı doldurub.
- Bahar qızı, Keçəl, Kosa - bu personajlardan hansını tanıyırsınız?
- Keçəl və Kosa barədə həm eşitmişəm, həm də oxumuşam. Onları tanıyıram. Zarafatları ilə də tanışam.
- Novruz yeməklərindən hansını daha çox bəyənirsiniz?
- Novruz bayramı ərəfəsində bir çox dadlı yeməklər bişirilir. Onların arasında yeməklərin şahı olan plovu xüsusilə qeyd edərdim. Artıq çoxdandır Azərbayandayam və xanımım da hamı kimi dadlı plov bişirə bilir. Baxmayaraq ki, şirniyyat çox yemirəm, amma paxlavanı qeyd edərdim.
Emin Şəmsiyev