Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster II turda rusiyalı Daniil Dubovla qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov növbəti dəfə heç-heçəyə razılaşıb. "Sülh" 26-cı gedişdə qeydə alınıb.
Qrupun digər qarşılaşmasında isə ABŞ təmsilçisi Lenyer Domingeslə almaniyalı Vinsent Keymerlə xalı bölüb.
Məmmədyarov ilk turda Keymerlə heç-heçə edib. Dubov isə Domingesə uduzub.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-Pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-Prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.