Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin "Qəbələ"nin futbolçusu Rövlan Muradovla bağlı açıqlaması müzakirələrə səbəb olub.
Fanat.Az olaraq italiyalı mütəxəssisin fikirlərinə futbolçudan reaksiya öyrənməyə çalışdıq:
"Açığı, bu barədə geniş danışmamağa qərar vermişəm. Daha doğrusu, klubum, eləcə də menecerim Vaqif Heydərli məsləhət görüb ki, müsahibə verib karyerama ziyan vurmayım. Sadəcə onu deyə bilərəm ki, millidə oynamağı çox istəyirəm. Düzü, çağırılacağımı gözləyirdim, adımı siyahıda görməyəndə bu, mənə təsir etdi. Amma Canni de Byazi dediyi kimi, məsələylə bağlı söhbətimiz olub. Ondan mesaj aldım və açığı, yazdıqları mənə stimul verdi. Şansımı gözləyəcəyəm. Qismət olar, çağırılaram. Ölkəmi təmsil etməyə hər zaman hazıram".
Qeyd edək ki, Canni De Byazi keçirdiyi mətbuat konfransında Rövlanla bağlı bunu deyib:
"Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma tanıdığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim".
Mirağa