21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Belarusa yığmasına qarşı keçirdikləri yoldaşlıq oyunundan sonra fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“İlk hissədə müdafiənin oyunundan razı qalmadım. Bununla belə, ilk 45 dəqiqədə bir neçə qol epizodu yaratdıq. Konsentrasiya problemindən 2 qol buraxdıq. İkinci hissədəki oyundan razıyam. Epizodlar yaradırdıq, topa sahib olurduq. Yoldaşlıq oyunu olduğundan yeni oyunçuları yoxlamaq imkanım oldu. Misal üçün, birinci hissədə oynayan onbirlik demək olar ki, birlikdə bir dəfə məşq etmişdi. Elə futbolçular var ki, oyunlarından razıyam, elələri də var ki, razı deyiləm. Bəzi futbolçuların yanaşması, oyunları heç xoşuma gəlmədi. Millidə oynayırsansa, istəkli olmalısan. Hər kəs səhv edə bilər. Amma istək mütləq olmalıdı. Biz özümüz üçün yox, ölkəmizi təmsil edirik”.