FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Fanat.Az-a verdiyi açıqlamada iki həftəlik dönəmdəki hazırlıqlarından danışıb:
"Fasilə ərəfəsində baş tutan oyundan sonra biz demək olar, istirahət etmədik. Legionerləri də vətənlərinə buraxmadıq. Yəni milliyə gedən oyunçular istisna olmaqla, hamı düşərgədə idi. Novruz bayramından dərhal sonra - martın 21-də Bakıda məşqləri bərpa etdik. Bir həftəlik qısa tsikli 27 martda yoxlama oyunu ilə başa vurduq. "Tofiq Bəhramov"da "Zirə" ilə oynadıq. Düşünürəm ki, hər iki komanda üçün faydalı görüş oldu. Hər halda, futbolçuların oyun təcrübəsindən əziyyət çəkməməsi üçün bu görüş əhəmiyyətli idi.
O ki qaldı yaranan fasilənin komandalara təsirinə, şərtlər hamı eynidirsə, bu, ümumi duruma təsir göstərməyəcək. Yəni kiminsə planının pozulub, digərinə isə yaxşı təsir etmədiyini iddia etmək doğru olmaz. Fasilə hamı üçün fasilədir. Biz bu dönəmdən maksimum faydalanıb komandanı tonusda saxlamağa çalışdıq".
Qeyd edək ki, 20 turdan sonra 4-cü pillədə yer alan "Qəbələ" bu həftə "Keşlə"ni sınağa çəkəcək.
Mirağa