FİFA-nın milli komandaların rəsmi və qeyri-rəsmi oyunlarına görə ayırdığı "pəncərə" klubların işinə təsirsiz ötüşmür. Düzdür, bundan yaxşı mənada yararlananlar, boşluqları yoluna qoymağa çalışanlar da olur. Bəs fasilə bizim klubların işinə necə təsir göstərib?
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Fanat.Az-a verdiyi açıqlamada fasilə dövrünü belə dəyərləndirib:
"Novruz bayramından 4-5 gün sonra, konkret, martın 24-də məşqləri bərpa etdik. Həm Bayılda, həm də Bakı Olimpiya Stadionunda hazırlaşdıq. Əlimizdən gələn qədər çalışdıq ki, yararlanaq. Ancaq heyətdə itkilərimiz var. Yurgen Qoxa uzun müddətə sıradan çıxıb. Bu o deməkdir ki, üç legionerimizdən birini itirmişik. Ciddi itkidir bizim üçün. Faktiki, iki mərkəz müdafiəçimizdən biri olmadan mövsümü başa vurmalı olacağıq. Bundan başqa, Mirsaib Abbasovla Ruslan Hacıyevin də mikrozədələri vardı. Mirsaib fasilədə yalnız fərdi hazırlaşdı. Komandaya təzə qoşulub. İndiki məqamda bizim üçün fasilədən yararlanmaqdan, durumu yaxşılaşdırmaqdan söhbət gedə bilməz. Ona can atırıq ki, durumumuz daha da pisləşməsin".
Mirağa