Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"TEAMtalk" portalı: "Lids" "Barselona"nın müdafiəçisi Serjinyo Dest uğrunda mübarizəyə qoşulub. "Ağlar" yay transfer pəncərəsini məhsuldar keçirmək istəyir. Destin alınması onların fikrincə, komandanı ciddi şəkildə gücləndirəcək.
"Tudofichajes" nəşri: "Barselona" "Atletiko Madrid"in hücumçusu Joau Felişi transfer etməyi düşünür. Sözügedən futbolçu Kataloniya klubuna Salah, Holand və Levandovski ilə bağlı danışıqlar alınmadığı üçün maraqlı olub. "Atletiko"nun Felişi 40 milyon avrodan aşağı qiymətə satmayacağı isə dəqiqdir.
"Calciomercato" nəşri: "Yuventus" və "Milan" Renato Sançeslə maraqlanır. Portuqaliyalı futbolçu 30 milyon avro dəyərində qiymətləndirilir. sançes iş yerini cari mövsümün sonunda dəyişə bilər.
"Football Italia" saytı: PSJ-nin qapıçısı Canluici Donnarumma A Seriyasına qayıtmağı planlaşdırır. Sözügedən qolkiper Keylor Navasla rəqabət aparmağa çətinlik çəkdiyi üçün başqa klubda oynamaq istəyir. Bundan başqa, Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"lə matçda etdiyi səhvdən sonra əsas tənqid hədəflərinin birinə çevrilən Donnarumma Paris təmsilçisindən ayrılmağı ən doğru qərar sayır.
Baş tutmuş transfer xəbərləri:
Armin Qiqoviç (19 yaşlı oyunçu)
"Rostov"dan (Rusiya) "Helsinqborq"a (İsveç) keçib.
Futbolçu "Rostov"la olan müqaviləsini vaxtından əvvəl pozaraq doğma klubuna qayıdıb.
Ayrton (24 yaşlı müdafiəçi)
"Spartak"ı (Rusiya) "Flamenqo"ya (Braziliya) dəyişib.
Futbolçu satınalma hüququ ilə 31 dekabr 2022-ci il tarixinədək icarəyə verilib.
Emin Şəmsiyev