Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.
Fanat.Az xəbər verir ki, yarımfinalda məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovun sifətinə zərbə endirərək onu itələyib.
Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşün referisi insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçisinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.
Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələrək finala yüksələn Taleh Məmmədov qızıl medal uğrunda gürcüstanlı Leri Abduladze ilə üz-üzə gələcək.