Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp (130 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında əldə edəcəyi mükafatı spinal muskulyar atrofiya (SMA) xəstəsi olan Eslem Fatma üçün xərcləyəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, çempion olsa, mükafatın hamısını uşağın müalicəsinə sərf edəcək:
"Avropa çempionatından 2 ay öncə Eslem Fatmanın atası ilə bir canlı yayım gerçəkləşdirmişdik. Atasının gözyaşları, Fatmanın durumu mənə çox təsir etdi. Özümə söz verdim ki, yarışda onun üçün güləşəcəyəm. Qızıl medal qazansam, məbləğin hamısını uşağın müalicə xərclərinə sərf edəcəyəm. Bəlkə də bu məbləğ xərcləri tam qarşılamayacaq. İnsanlardan da kömək gözləyirəm. Birlikdə lazım olan vəsaiti toplaya bilərik. Gəlin, ailəyə ikiqat bayram yaşadaq".
33 yaşlı tiitullu idmançı yarımfinalda Azərbaycan güləşçisi Beka Kandelakini mübarizədən kənarlaşdırıb. O, finalda İtaliya təmsilçisi Danilo Sotnikovla qarşılaşacaq.
Qeyd edək ki, Rıza Kayaalp Rio-2016-nın gümüş, London-2012 və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, həmçinin dördqat dünya və onqat Avropa çempionudur.