Macarıstanda keçirilən Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran yunan-Roma güləşçisi Eldəniz Əzizlinin Fanat.Az-a müsahibəsi
- Üç illik fasilədən sonra, nəhayət ki, qitə çempionatlarında tilsimi qırıb səndən gözlənilən qızıl medalı qazana bildin. Yarış barədə təəssüratlarını bölüşərsən.
- Doğrudur, üç il ardıcıl "yarımfinal sindromu" yaşadım. Yarışa hazırlığım çətin keçmişdi. Zədələrim var idi. Dizimdə, belimdə, boynumda ağrılar var idi. Üstəlik, yarışqabağı dişimi çəkdirməli oldum. Amma şükürlər olsun ki, vətənə maksimum nəticə ilə dönürəm.
- Yarış ərzində üç görüş keçirdin. Hansı daha çətin alındı?
- Ən çətini elə final görüşüm oldu. Gürcüstanlı idmançı da güclüdür, dünya çempionu olub. Bunadək onunla dəfələrlə qarşılaşmışdıq. Məni digərlərindən daha yaxşı tanıyırdı.
- Zaman-zaman "Eldəniz niyə qızıl medal qazana bilmir", "yaşadığı yarımfinal sindromu nə ilə bağlıdır" kimi suallarla yığmanın məşqçilərinə müraciət etmişik. Bir də özündən eşidək, əvvəlki yarışlarda finala yüksələ bilməməyini nə ilə bağlayırsan?
- Desəm ki, o yarışlara hazırlığımda problemlər olub, doğru olmaz. Hətta deyərdim ki, uduzduğum yarışlara indikindən bir xeyli daha yaxşı hazırlaşmışdım. Hər yarışda hansısa xırda səhv ucbatından uduzurdum.
- Qarşıda dünya çempionatı var. 2018-ci ildəki "qızıl dubl"u təkrarlayacağına inanırsan?
- Dünya çempionatından əlavə İslam Həmrəyliyi Oyunları və Dünya Kuboku yarışı var. Tək mundialda yox, il ərzindəki bütün yarışlarda maksimum nəticə qazanmağa çalışacağam.
- Yığma ilk gündə 4 medal qazandı. Nəticəni uğurlu hesab edirsən? Yoxsa daha yaxşısı mümkün idi?
- Dörd medal böyük nəticədir. Amma daha yaxşı ola bilərdi. Yaxşı olardı ki, İslam da finala çıxardı. Düşünürdüm o, finalda olacaq. Lakin bu, idmandır, hər an hər şey ola bilir. İdmanın gözəlliyi də bundadır. Ümid edirəm ki, bugünkü nəticələrimiz də yaxşı olacaq. Sonda komanda hesabında da çempion olacağıq.
Sahib Əsədbəyli