"Qəbələ"nin baş məşqisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəylə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Biz kənarda olsaq da, istini hiss edirdik. Mən oyunda kölgə axtarırdım. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alıb, görüşlərin vaxtını futbolçulara uyğun təyin edərlər. Futbolçular da insandır, onlara da çətindir.
Oyuna gəlincə, iki fərqli hissə izlədik. Birinci yarıda rəqib üstünlüyə sahib idi. İkinci hissədə oyunun tempini qaldıra bilərək, qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Komandamın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalılar qoşulandan sonra optimal heyətə sahib olacağıq.
Hər dəfə hansısa futbolçumuz növbəti oyunda bizə kömək edə bilmir. Bu, bizə təsir edir. Digər komandalara təsir edə bilməz, çünki ehtiyat qüvvələri çoxdur. Bizim üçün hər oyunçu dəyərlidir. "Qara zolaq"da olan komanda oyun ərzində 10 epizod yarada bilməz. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, daha da artığını edə biləcək gücdəyik".