İngiltərənin "Brentford" klubunun formasını geyinən Kristian Eriksen daha öncə formasını geyindiyi "Tottenhem"ə qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə danimarkalı futbolçunun Hotspur təmsilçisinin baş məşqçisi Antonio Kontenin planı ilə heyətə qatılacağını vurğulayıb. İtaliyalı çalışdırıcının Kristianı azad agent qismində komandaya cəlb etmək fürsətini qaçırmaq istəmədiyi bildirilib.
Sözügedən yarımmüdafiəçinin "Brentford"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Xatırladaq ki, Eriksenlə bağlı qorxunc olay ötən il, iyunun 12-də yaşanmışdı. Avro-2020-nin qrup oyunları çərçivəsində baş tutan Danimarka - Finlandiya matçının (0:1) ilk yarısının sonlarında "10 nömrə" rəqiblərdən heç birinin müdaxiləsi olmadan yıxılaraq yerdə qalmışdı. Huşu üstündə olmayan yarımmüdafiəçiyə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılmışdı. Kritik vəziyyətdən çıxan Kristian ürəyinin ritminin sabit qalması üçün kardioverter-defibrillyator cihazı gəzdirmək məcburiyyətində qalmışdı.
Nihat