Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Real Betis"in rəsmi saytı: Klaudio Bravo "Real Betis"lə olan müqaviləsinin müddətini 2022/23 mövsümünün sonuna qədər uzadıb.
Xorxe İquain (Qonsalo İquainin atası): “O, Argentina çempionatına qayıtmayacaq. Mənə dedi ki, ilin sonunda təqaüdə çıxacaq. İstərdim ki, o, karyerasını bitirdikdən sonra futbolla bağlılığını davam etdirsin".
Kərim Benzema: "Bəli, tez-tez deyirəm ki, Mbappeni "Real Madrid"də görmək istəyirəm. Milli komandada Kilianla oynamaqdan həzz alıram və onunla klub səviyyəsində oynamaq istərdim. Düşünürəm ki, birlikdə iki dəfə çox, bəlkə də üç dəfə çox qol vurarıq".
"La Gazzetta dello Sport" nəşri: Yuventus" PSJ-nin futbolçusu Anxel Di Marianı transfer etməyə hazırlaşır. Turin klubu Di Marianı yayda klubdan ayrılacağı ehtimal edilən Paulo Dibalanın əvəzləyicisi kimi nəzərdən keçirir.
AS nəşri: "Çelsi" və PSJ "Monako"nun yarımmüdafiəçisi Orelyen Çuameni üçün mübarizəyə qoşulub. 60 milyon avro dəyərində qiymətləndirilən futbolçu ilə daha əvvəl "Real Madrid" maraqlanırdı.
La Liqanın prezidenti Xavyer Tebas: “Mənə elə gəlir ki, Dembele La Liqada qalmayacaq. Mbappe PSJ ilə müqavilə yeniləməsə, o zaman Premyer Liqaya və ya La Liqaya yollanacaq. Düşünürəm ki, o, "Real Madrid"də olacaq. Mən bunu hiss edirəm. Holanda gəlincə, o, "Barselona" ilə müqavilə bağlaya bilməz".
Emin Şəmsiyev