"Yuventus" yayda komandanı tərk edəcəyi gözlənilən Paulo Dibalaya əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Superdeporte" yayıb.
Mənbə "qoca sinyora"nın "Barselona"nın hücumçusu Memfis Depayla maraqlandığını bildirib. Niderlandlı forvardın bu variantın əleyhinə olmadığı vurğulanıb. Yazılanlara inansaq, Depay gələn mövsüm Xavinin komandasında müntəzəm oynamayacağını düşündüyü üçün iş yerini dəyişməyi planlaşdırır.
2021-ci ilin yayında "Olimpik Lion"dan ayrılaraq azad agent qismində "Barselona"ya qoşulan Depay bu mövsüm İspaniya La Liqasında 20 oyuna çıxıb. Bu qarşılaşmalarda 10 qol vuran Memfis 2 məhduldar ötürmə ilə də yadda qalıb. Niderland millisinin üzvünün Kataloniya klubu ilə olan anlaşmasının müddəti gələn ilin yayına qədərdir.
28 yaşlı Dibala cari "futbol ili"ndə A Seriyasında 22 matçda forma şansı qazanıb. Çempionatda 8 qol, 5 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən argentinalı Çempionlar Liqasında 3 dəfə rəqib qapılarına yol tapıb və 1 dəfə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb. Paulonun Turin klubu ilə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Cənubi amerikalı "Yuventus"la yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Nihat