Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Unai Emerinin "Spartak"da (Moskva) uğur qazana bilməməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin kapitanı "sport24.ru"ya danışıb:
"Emeri Rusiya Premyer Liqası ilə uzlaşmayan superhücum futbolu oynatmaq fikrində idi. Demək olar ki, hamımız müdafiədə və əks-hücumlarda oynayırdıq. Məncə, o, komandanı yenidən quracaqdı və nə vaxtsa, daha sərt olmalı idi. Bütün avropalılar, əsasən futbolçunun peşəkarlığına güvənir. Bizim postsovet məkanında isə bu variant işləməz. Çünki daim nəzarət etmək, oyunçunun arxayınlaşmasına imkan verməmək lazımdır. Emeri demək olar ki, gecikməyə və artıq çəkiyə görə bütün cərimələri bağışlayırdı. Amma futbolçunun cibinə zərbə vuran cəzalar ən yaddaqalan olur.
Qeyd edək ki, Emin Mahmudov 2011-2014-cü illərdə "Spartak"da çıxış edib. Sözügedən çalışdırıcı isə 2012-ci ilin iyulundan həmin ilin noyabrınadək Moskva komandasını çalışdırıb. Hazırda "Vilyarreal"a rəhbərlik edən ispan mütəxəssis komandasını Çempionlar Liqasında yarımfinala çıxarıb. Bu nəticə Emerinin məşqçilik karyerasında da ilkdir.
Nihat