Konfrans Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olan "Olimpik Marsel"in oyunçusu Bubakar Kamara Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq.
Fanat.Az "L'Equipe"yə istinadən xəbər verir ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi bunu Fransa yox, Seneqal millisi ilə reallaşdıracaq.
Belə ki, öz mövqeyində Avropa klublarının ən istedadlı oyunçularından sayılan Bubakar milli komandasını dəyişib. Fransanın aşağı yaş qrupları üzrə bütün millilərində, o cümlədən U-21-də çıxış edən Seneqal əsilli yarımmüdafiəçi DÇ-2022-yə qatılmaq üçün belə qərar verib.
Seneqallılar uzun müddətdir ki, Kamaranı razı salmaq üçün çalışıb və mənbənin iddiasına görə, nəhayət onu Fransadan qoparmağa nail olublar. Fransa seçməsinin heyətində Kamaranın mövqeyində daha tanınmış və özünü sübut etmiş oyunçular var. Bu üzdən o, Seneqalı seçib ki, böyük turnirdə çıxış edə bilsin.
"Transfermarkt"ın məlumatına görə, Kamaranın transfer dəyəri 25 milyon avrodur. O, bütün karyerasını Marsel klubunda keçirib və bu mövsüm 40 oyunda 1 qol vurub.
Mirağa