“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə qalib gəldikləri (3:1) oyun barədə fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib:
“Qəbələ”nin matça yaxşı hazırlaşdığı görünürdü. Bir texniki səhvimiz qol buraxmağımızla nəticələndi. 3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandamdan razı qaldım, çünki sona qədər qələbə üçün oynadılar. “Qəbələ”nin hesabı açması məni təəccübləndirmədi. Onların əvvəlki matçlarına da baxmışam. Mübarizəyə görə, bəlkə də, çox oyunda məğlubiyyətə layiq deyildilər. Çox sürətli əks-hücumları olur. “Qəbələ” istənilən an qol vurmağı bacaran komandadır. Düzdür, bu gün qol buraxmağımızı istəməzdim. Amma yekunda qələbə qazanmağımıza şadam”.
Qurbanov həm Premyer Liqanın növbəti turunda, həm də kubokun cavab qarşılaşmasında ardıcıl “Qəbələ” ilə qarşılaşmalarına da münasibət bildirib: “Futbolçunun ən çox xoşlamadığı bir proqram eyni rəqibə qarşı 3 dəfə oynamaqdır. İstər-istəməz eyni rəqib, eyni sistem... Bu, futbolçu üçün xoş hal deyil. Bəlkə də, son illər belə halla üzləşməmişdik ki, səfərdə qalaq, ardıcıl iki oyun keçirək. Yenə də yaxşı hazırlaşmağa çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edə bilək”.