“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”a uduzduqları (1:3) oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis görüşü belə dəyərləndirib:
"Bizi ağır oyunun gözlədiyini bilirdik. Rəqib çempionatımızın favoritidir. Komandam meydanda əlindən gələnin ən yaxşısını etməyə çalışdı.
Sonuncu qoldakı epizoda gəlincə, ötən tur "Sumqayıt"la oyunda bizim lehimizə penalti verilməli idi. O, daha çox 11 metrlik cərimə zərbəsinə oxşayırdı, nəinki bu. Məncə, matçın qırılma nöqtəsi sonuncu dəqiqələrdə verilən qərar idi. Düşünürəm ki, orada penalti yox idi. Bizə qarşı bir az fərqli yanaşırlar. Bizim qapımıza dərhal penalti verirlər. Hansı ki, biz istədiyimiz epizodlara isə başqa cür yanaşırlar. Turnirdən qopmayacağıq. Mən bu komandaya inanıram. Heyəti yığanda hamı fikirləşirdi ki, 7 və ya 8-ci yeri tutacağıq. Amma komandamız sağlamdır, heyətdəki futbolçular daha yaxşı nəticəyə qadirdirlər.
Hər zaman növbəti oyunu düşünürük. Qismətdə varsa, avrokuboklara vəsiqə qazanacağıq. Bizim hamımızda iddia var. Amma o iddia ilə alışıb yanmırıq. İşimizi elə qurmuşuq ki, qarşıdakı rəqibi fikirləşirik".