"Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə" ilə qolsuz heç-heçə (0:0) bitən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis səfər oyununun nəticəsindən razı qaldığını deyib:
"İlk dəqiqədən gərginlik hiss olunurdu. İki komanda da uduzmaq istəmirdi. Kubokun ilk matçları əsasən bu məcrada keçir. Bu gün əsas məsələ uduzmamaq idi. Şikayət etmək istəmirik, reallıq budur. Son matçlara itkilərlə çıxırıq. Ehtiyatdakı oyunçularla bağlı problemlərimiz var. Amma indi elə dönəmdəyik ki, bu barədə düşünmürük. Bundan sonra çempionat matçına köklənəcəyik. Məqsədimiz uduzmamaq, seriyanı davam etdirməkdir. Bu yolda davam edəcəyik.
Heyətdəki itkilər bugünkü görüşə ciddi təsir etmədi. Amma ümumi duruma təsirsiz ötüşmür. Bu gün Voyislav Stankoviç yoxdursa, deməli, problem var. Sezar Meza Kollinin yüngül zədəsi var idi. Ona görə bu gün son dəqiqələrdə ona şans verdik. Ömər Buludovun müdafiənin mərkəzində oynaması məcburiyyətdən atılmış addım idi. Amma o, ikinci hissədə ən yaxşılardan idi".
Baş məşqçi legioner limiti ilə bağlı məsələdən də söz açıb: "Mənim istəyimi bilirsiniz. Bu yöndə həddindən artıq sərtəm. Azərbaycan futbolunda limit götürülməlidir. Bu, bizim inkişafımıza ziyandır. 5 əvəzetmə yaxşı variantdır. Bütün ölkələr bunu edirsə, biz niyə etməyək? Hər şeyi zaman göstərəcək".
Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.