Mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçi postunda fəaliyyətə başlayacaq Erik ten Haqın əsas transfer hədəflərindən biri müəyyənləşib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Danimarka millisinin və "Brentford"un yarımmüdafiəçisi Kristian Eriksenin heyətə qatılmasını istəyir.
Sözügedən oyunçu "Brentford"la bu qış müddəti mövsümün sonunadək olan anlaşma imzalayıb.
Xatırladaq ki, ötən il iyunun 12-də Eriksenlə bağlı qorxunc olay yaşanmışdı. Avro-2020-nin qrup oyunları çərçivəsində baş tutan Danimarka - Finlandiya matçının (0:1) ilk yarısının sonlarında "10 nömrə" rəqiblərdən heç birinin müdaxiləsi olmadan yıxılaraq yerdə qalmışdı. Huşu üstündə olmayan yarımmüdafiəçiyə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılmışdı. Kritik vəziyyətdən çıxan Kristian ürəyinin ritminin sabit qalması üçün kardioverter-defibrillyator cihazı gəzdirmək məcburiyyətində qalmışdı.
Nihat