"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Everton"la derbidə meydana sonradan daxil olmasına baxmayaraq möhtəşəm çıxışla yadda qalan belçikalı hücumçu Divok Origini tərifləyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Biz onun üçün darıxmayacağıq, çünki hara getsə, orada möhtəşəm oyunu ilə seçiləcək. O, dünya səviyyəli hücumçudur, əfsanədir və həmişə əfsanə olaraq qalacaq. O, hər dəfə heyətə düşmür, bu gülüncdür. Amma Divok həmişə ehtiyac duyduğumuz anda bacarığını ortaya qoyur.
Origi hər iki qolda pay sahibi oldu. İkinci hissədə etdiklərimiz Divok olmadan baş verməzdi. Bizim digər ehtiyat oyunçularımız da var ki, onlar da sonradan meydana daxil olub dönüş yarada bilir.
Qeyd edək ki, məhz Originin ikinci hissədə oyuna qoşulması "Liverpul"un "Enfild"dəki Mersisayd derbisində hesabı öz xeyrinə dəyişməsinə kömək edib. O, öncə Endi Robertsonun qol vurmasına məhsuldar ötürmə ilə şərait yaradıb, ardından özü rəqib qapısına yol tapıb.
Emin