"Bursaspor"un azərbaycanlı hücumçusu Namik Ələskərov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "timsahlar"ın heyətində özünü yaxşı tərəfdən göstərən vingerlə bu mövsüm elitaya yüksələcəyi real görünən "Anakaragücü" maraqlanır.
"Qarabağ"ın forvardı Ovusu Kvabenanın da icarə əsasında formasını geyindiyi Ankara təmsilçisinin rəhbərliyi Ələskərovun komandanın gücünə güc qata biləcəyinə inanır. Paytaxt klubunun elitaya yüksəlməsi rəsmiləşəndən sonra tərəflərin bu yöndə danışıqlara başlaması gözlənilir.
Namiki rənglərinə bağlamağı planlaşdıran digər klub isə "Sivasspor"dur. Sivaslıların baş məşqçisi Rza Çalımbay Azərbaycan millisinin 27 yaşlı üzvünün çıxışını bəyənir. Artıq yay transfer çalışmalarına start verən "yigidolar"ın planından "Bursaspor" rəhbərliyi də xəbərdardır. Sivas təmsilçisi maddi sıxıntılar içində olan bursalıların münasib ödəniş qarşılığında Ələskərovla vidalaşacaqlarına ümid edir.
Qeyd edək ki, Bursa təmsilçisi ilə ötən yay 3 illik müqavilə bağlayan Ələskərov bu komandanın formasıyla 29 matça çıxıb, 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat