Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romano, insayder: "Cessi Linqard "Mançester Yunayted"dən ayrılmaqda israrlıdır. İngilis futbolçu bu qərarı yanvarda verib və o vaxtdan klub onu fikrini dəyişməyə razı sala bilməyib".
"L'Equipe" nəşri: “Mançester Siti”, “Mançester Yunayted”, "Bayern Münhen" və PSJ Kristofer Nkunku uğrunda mübarizə aparacaq. "Layptsiq" yarımmüdafiəçini saxlamaq istəyir. Lakin klubun bu planı futbolçunun böyük karyera qurmaq istəyinə mane olur. Mövsüm sonunda Nkunkunun "Layptsiq"dən ayrılacağı gözlənilir".
"Get German Football News" saytı: "Bayer 04"ün oyunçusu Mussa Diabi yayda klubunu dəyişə bilər. Onun uğrunda "Arsenal", "Mançester Yunayted", "Nyukasl" və "Roma" mübarizə aparır. Hər dörd klub futbolçu üçün münasib təklif hazırlayır. Bundesliqa təmsilçisi isə 22 yaşlı fransız yarımmüdafiəçinin satışından ən azı 75 milyon avro qazanmağı planlaşdırır".
Xorxe Antuna (Paulo Dibalanın agenti): "Paulonun diqqəti A Seriyasında çempionluq uğrunda yarış və İtaliya Kubokunun finalına yönəldib. Heç bir klub ilə razılıq əldə olunmayıb”.
"Calciomercato" nəşri: "Yuventus" PSJ-nin yarımmüdafiəçisi Anxel Di Marianı transfer etməkdə maraqlıdır. Turin klubu may ayında futbolçunun agenti ilə danışıqlar aparmağa hazırlaşır. 34 yaşlı argentinalının Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Emin Şəmsiyev