Çili Futbol Federasiyası (ÇFF) FIFA-ya müraciət edərək Ekvador millisinin üzvü Bayron Kastilyonun əslində kolumbiyalı olduğunu və saxta pasportla oynadığını bildirib.
Fanat.Az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, ÇFF rəhbərliyi bu səbəbdən Ekvadorun 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını istəyir.
Sübut kimi ali futbol qurumuna qeydiyyat sənədləri, o cümlədən doğum haqqında şəhadətnamələr təqdim olunub. İddiaya görə, 24 yaşlı hücumameylli yarımmüdafiəçi şəxsiyyət vəsiqəsində göstərilən tarixdən 3 il öncə Kolumbiyada anadan olub.
ÇFF prezidenti Pablo Milad bu barədə belə danışıb: "Toplanılan bütün faktlar olduqca ciddidir və FİFA hərtərəfli araşdırma aparmalıdır: Biz həmişə ədalətli oyun prinsiplərinə hörmətlə yanaşmışıq və ümid edirik digər federasiyalar da bu cür davranır".
Federasiya tələb edir ki, Ekvador millisinə gənc vingerin oynadığı səkkiz seçmə mərhələ oyununda texniki məğlubiyyət verilsin. FIFA bu təkliflə razılaşsa, o zaman Çili millisi dünya çempionatında Ekvador yığmasının yerini tutacaq.
Qeyd edək ki, Ekvador Cənubi Amerika üzrə seçmə mərhələni dördüncü pillədə başa vurub. Çili isə altıncı yerdə qərarlaşıb və dünya çempionatına vəsiqə qazana bilməyib.
Nihat