"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turunun matçını - "Qarabağ" ilə qolsuz heç-heçə etdikləri görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı çalışdırıcı belə danışıb:
"Azərsun Arena"dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi".
Oyunun gedişini nəzərə alsaq, qalib gəlməyə "Qarabağ" daha yaxın idi. Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da yaxşı seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur "Qəbələ"yə böyük hesabla uduzmuşduq. Bu gün məğlub olmamaq vacib idi".
Sadıqov bütün fikirlərinin çempionatda olduğunu deyib: "Vacib oyunlar keçiririk. Finalda da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib "Qarabağ"dır. Yenə deyirəm, hələ final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. "Qarabağ"ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq".