“Bakı”nın baş məşqçisi təyin olunacaq serbiyalı mütəxəssis Milinko Pantiç yeni komandası ilə bağlı ilkin fikirlərini açıqlayıb. Azerisport.az sizi onun həmin açıqlamaları ilə tanış edir:
“Etiraf edim ki, Azərbaycan futbolu barədə Madrid “Atletico”su ilə “Bakı” arasındakı əməkdaşlıqdan sonra ətraflı məlumat toplaya bildim. Çünki artıq bütün dünya “Atletico”nun formalarındakı “Land of fire Azerbaijan” yazısını görür. Halbuki, buna qədər Azərbaycanda idmana, xüsusilə də futbola bu dərəcədə qayğı göstərildiyini bilmirdim. Bu ölkədə futbolu çox sevirlər. Bu ölkədə futbolun vaxtilə hansı vəziyyətdə olduğu, indi isə vəziyyətin nə qədər dəyişdiyi barədə çox danışıblar”.
O, Bakıya ilk səfərindən də danışıb: “Bakıya səfər zamanı məni yaxşı qarşıladılar. Klubun şəraiti ilə tanış oldum. “Bakı”nın müasir bazası, stadionu var. Burda komanda həm məşq edə, həm də ev oyunlarını keçirə bilir. Komandanın heyəti barədə hələ ətraflı məlumatım yoxdu. Heyətdə yaxşı futbolçuların olduğu barədə danışıblar. Onların xidmətindən yeni mövsümdə yararlana bilərik. Əsas odu ki, “Bakı” rəhbərliyinin gələcəklə bağlı böyük planları var. Klubun bossu bir neçə il ardıcıl uğurlar əldə edə biləcək komanda formalaşdırılmasını istəyir”.
Pantiç heyət barədə danışarkən bunları da qeyd edib: “Bakı”da ölkənin əsas yığmasında çıxış edən bir neçə futbolçu var. Deməli, onlar pis futbolçu ola bilməzlər. Sadəcə, onların bütün müsbət keyfiyyətlərindən yararlanmaq lazımdı. Mümkündü ki, legioner futbolçular dəvət edək. Amma mən daha çox azərbaycanlı futbolçuları iş başında görmək istəyirəm. Mənə elə gəlir ki, tam yeni komanda formalaşdırmaq olar. “Bakı” bu mövsüm avrokuboklara düşə bilməyib. İndidən problemləri yoluna qoymaq lazımdı ki, növbəti mövsümlərdə bu uğursuzluqlar təkrarlanmasn”.
Qeyd edək ki, Pantiç Bakıya bu gecə gəlir. O, öncə klub rəhbərliyi ilə görüşüb bir daha komandanın şəraiti ilə tanış olacaq. Bu görüşdə komandanın hazırlıq planları da dəqiqləşdiriləcək. Bazar ertəsi serbiyalı mütəxəssislə müqavilə imzalanacaq və o, ictimaiyyətə təqdim olunacaq.
İdman24.az