"Turan Tovuz"un və "Kəpəz"in növbəti mövsümdən elitada mübarizə aparacağı dəqiqləşib. Hazırda hər iki klub yeni maliyyə qaynaqları axtarmaqla məşğuldur. "Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyevin elə bu məqsədlə Bakıya gəldiyi deyilir.
Nəbiyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq.
Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Bəli, Bakıdayam. Amma burada olmağımın səbəbi komandamızın səfər oyunudur. Sırf hansısa görüşlə bağlı gəlməmişəm. Komandanın mehmanxanada yerləşməsi və digər məsələlərə görə buradayam. Hələ heç bir yenilik yoxdur. Hərdən mətbuatdan elə məlumatlar oxuyuram ki, bunlardan zərrə qədər xəbərim yoxdur".
Millimizin sabiq hücumçusu komandaya cəlb olunacaq futbolçu və baş məşqçilərlə bağlı şayiələrə də aydınlıq gətirdi:
"Açıq danışım sizinlə... Verdiyiniz suallarla bağlı gizlədiləcək bir şey yoxdur. Yəni hər hansı futbolçu və ya mütəxəssislə razılaşmamız varsa, bunu gizlətməyin nə mənası var? Ümumiyyətlə, nə yerli, nə kənar, heç bir futbolçu ilə hər hansısa razılaşmamız və ya danışığımız olmayıb. Lap tutaq ki, mən nəyisə demədim. Hansısa futbolçunun və ya məşqçinin düşərgəmizdəki fəaliyyətini nə qədər gizlədə bilərik? Qısa zaman kəsiyində hər şey məlum olacaq. Odur ki, bir daha qeyd edirəm, hazırda fikrimizi çempionat oyunlarımıza yönəltmişik və yenilik yoxdur.
Bizim büdcəmiz də konkret olaraq, bilinmir ki, hər hansı futbolçu və ya məşqçini dəvət etməyi planlaşdıraq. Təklif hazırlamaq üçün də hansısa büdcəyə arxalanmalıyıq. Məndən soruşurlar ki, komandaya hansı məşqçi gəlir, hansı oyuncunu alacaqsınız? Xəbərim olmadığını bildirirəm. Cavabında "bilirsən, amma gizlədirsən", - deyirlər. Düzdür, Oqtay müəllim (Oqtay Abdullayev, "Turan Tovuz"un Müşahidə Şurasının üzvü - red.) bir neçə mütəxəssislə görüş keçirib, onların fikrini öyrənib ki, Tovuzda işləyə bilərlər, yoxsa yox. Amma konkret olaraq, anlaşma, dəvət və buna bənzər gözləntilər yoxdur. İstənilən razılaşma reallaşan kimi, mətbuat dərhal bu barədə xəbər tutacaq.
41 yaşlı mütəxəssis "Turan Tovuz"un hazırki heyəti ilə Premyer Liqadakı şanslarını da dəyərləndirdi:
"Vaxtı ilə yaxşı heyətimiz də olub, çempionluq da yaşamışıq. Hazırda "Turan Tovuz" klub həm gənclərdən, həm də təcrübəli futbolçulardan təşkil olunub. Real danışaq, bu gün bizim komanda Birinci Divizionda 10-cu yerdə gedirsə, bu heyətlə APL-də "Neftçi", "Qarabağ", "Zirə" kimi klublarla mübarizədə hansı nəticəni göstərə bilərik? İndiki vəziyyətdə iştirak xatirinə oynaya bilərik. Bu da nəticəsi olmayan bir şey olacaq. Üstəlik, futbolçuların psixologiyası da pozulacaq. "Turan Tovuz"un azarkeşləri məğlubiyyəti asan qarşılamır.
Mənim ümidim var. Təki yaxşı komanda formalaşdırıb istənilən səviyyədə çıxış edə bilək. Belə olacağı halda, təkcə "Turan"dan deyil, ümumiyyətlə, qərb zonasından yerli futbolumuza yaxşı tövhələr olacaq".
Nəbiyev sonda "Turan Tovuz" futbol akademiyasındakı vəziyyətlə bağlı danışdı:
"Akademiyada vəziyyət yaxşıdır. Tibbi personalla bağlı bir müddət çətinlik yaşadıq. Akademiyada qalan 200-dən çox müxtəlif yaşlı futbolçu var və onların səhhətinə daim nəzarət etmək elə də asan məsələ deyil. Şükürlər olsun, bu problem də öz həllini tapıb".
Emin Şəmsiyev